Etik qaydalar
Giriş
1.Ümumi müddəalar
1.1. “Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi üzvlərinin etik davranış Qaydaları (bundan sonra “Qaydalar”) Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (bundan sonra “Assosiasiya”) üzvlərinin (bundan sonra ismin müvafiq hallarında “üzv” və ya “üzvlər”) etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı münasibətləri, Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyəti, Assosiasiyanın korporativ dəyərlərini və tələblərini müəyyən edir.
1.2. Qaydalar bütün üzvlərə şamil edilir.
1.3. Hər bir üzv öz fəaliyyətində korporativ dəyərləri və etik normaları nümayiş etdirməklə, digər üzvlərə nümunə olmalıdır.
1.4. Üzv tərəfindən Qaydaların tələblərinin pozulması, eləcə də digər işçilər tərəfindən həmin tələblərin pozulması hallarına göz yumulması inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, daxili nizam-intizamın pozulması kimi qiymətləndirilir və Qaydalarda nəzərdə tutulmuş intizam məsuliyyətinə səbəb olur.
1.5. Üzvlər tərəfindən Qaydalara əməl olunmamasına və ya maraqların toqquşmasına yol verilməsi barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumat daxil olduqda, həmçinin kütləvi informasiya vasitələrində bu kimi məlumat dərc edildiyi halda, Assosiasiya tərəfindən həmin üzv barəsində olan şikayət və ya digər məlumat araşdırılır və lazımi tədbirlər görülür.
2. Qaydaların məqsədi
2.1. Üzvlərin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması.
2.2. Üzvlərdən gözlənilən davranış barədə onların məlumatlandırılması.
2.3. Qaydalara üzvlər tərəfindən əməl olunmasının təmin edilməsi.
3. İş mühiti və iş şəraiti
3.1. Korporativ dəyərlər. Üzv Assosiasiyanın müəyyən etdiyi korporativ dəyərləri rəhbər tutmalı və onlara əməl etməlidir
3.2. Qərəzsizlik. Üzv vəzifə funksiyalarını yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, yaşına, mənşəyinə, əmlak vəziyyətinə, yaşayış yerinə, əqidəsinə, ictimai və digər birliklərə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Üzv özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və qanunsuz müdaxilə cəhdlərinin qarşısını qətiyyətlə almalıdır.
3.3. Mədəni davranış. Üzv bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. Üzv nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməli, digər üzvlərlə iş prosesində təhqiredici və hədələyici ifadələr işlətməməli, insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu, o cümlədən hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, digər üzvlərin xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı, onların fikirlərinə hörmətlə yanaşmalıdır. Üzv tərəfindən şayiələr, təhqiredici və alçaldıcı materiallar, eləcə də başqa üzvlərin nüfuzuna ziyan vuran digər məlumatların yayılması qadağan edilir.
3.4. Zorakılıq və seksual qısnama. Assosiasiya daxilində zorakılıq təzahürü, o cümlədən fiziki, şifahi, yazılı və digər hədələr, cinsi təqib, seksual qısnama hesab olunan bütün fiziki hərəkətlər qəbuledilməzdir.
3.5. Spirtli içkilər və narkotik vasitələr. Üzvlərin iş mühiti və şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də etika normaları və dəyərlərinin yerinə yetirilməsi məqsədilə, onlara spirtli içki, narkotik və qanunvericiliklə qadağan edilmiş digər maddələrin iş yerində və ya vəzifə borclarını yerinə yetirdikləri zaman qəbul edilməsi qəti qadağandır. Bununla əlaqədar, Assosiasiya daxilində spirtli içki, narkotik və qanunvericiliklə qadağan edilmiş digər maddələr istifadə etmək, həmçinin sərxoş vəziyyətdə və ya qadağan olunmuş maddələrin təsiri altında Assosiasiyaya gəlmək qəti qadağan olunur.
3.6. Sağlamlıq, əməyin qorunması və təhlükəsizlik. Assosiasiya öz üzvləri üçün iş yerində daim sağlamlıq və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasına çalışır, bununla yanaşı onlar üçün stabil və sağlam həyat tərzini, həmçinin iş prosesində müvəffəqiyyəti təmin edən fiziki və psixoloji iş mühiti yaratmaq məqsədini güdür. Peşə sağlamlığı üzvlərin işdə yüksək məhsuldarlıq göstərməsinin ən mühüm amillərindəndir.
3.7. İş yerində qaydaların pozulması halları. Assosiasiya aid məlumatların, maliyyə vəsaitlərinin, rabitə, kompüter, digər kommunikasiya sistemlərinin, nəqliyyat vasitələrinin və digər maddi-texniki təchizat avadanlıqlarının şəxsi maraqlar naminə, habelə xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün icazəsiz şəkildə istifadə etməsi və ya oğurlanması qadağandır. Üzvlərə aid məlumatlardan icazəsiz istifadə edərək dəyərləndirmə nəticəsini yaxşılaşdırmaq və bu kimi şəxsi məqsədlər üçün istifadə, Assosiasiya adından və loqosundan şəxsi məqsədlər üçün sui-istifadə etmək və onun əleyhinə fəaliyyət göstərmək yolverilməzdir. İş mühitinə ziyan vuran fəaliyyətlərlə məşğul olmaq, Assosiasiyanın imkanlarından və iş vaxtından şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.
3.8. Peşəkarlıq və səriştəlilik. Assosiasiya üzvlərin bilik və bacarıqlarını daim inkişaf etdirmələrini, ixtisas artımı etmələrini, özlərini təkmilləşdirmələrini və vəzifə funksiyalarına aid məsələlərlə bağlı yenilikləri izləmələrini, qabaqcıl dünyagörüşünə malik olmalarını təşviq edir və dəstəkləyir.
3.9. Şikayətlərin bildirilməsi. Qaydaların tələblərinin pozulması hallarının üzvlər tərəfindən bildirilməsi çox vacibdir. Pozuntu halları müvafiq struktur bölmənin rəhbərinə və ya Qaydalar üzrə məsul şəxsə bildirilməlidir.
3.10. Açıq ünsiyyət. Assosiasiya işinin keyfiyyətinin artırılması, komanda ruhu və yüksək nəticələrin əldə edilməsi məqsədi ilə açıq ünsiyyəti təşviq edir. Assosiasiya üzvlərin işlə əlaqədar narahatçılıqlarını və təkliflərini birbaşa öz rəhbərlərinə bildirmələrini dəstəkləyir. Birbaşa rəhbər məsələ ilə bağlı uyğun şəxs olmadıqda üzv aidiyyəti rəhbərə, İnsan resursları departamentinə və ya yuxarı rəhbərinə narahatçılığını və ya təkliflərini bildirə bilər. Rəhbərlər hər zaman iş yerində üzvlərin şifahi və ya yazılı müraciətlərini dinləməyə hazır olmalıdırlar.
4. Rəhbər vəzifə tutan üzvlərin etik davranışına əlavə tələblər
4.1. Rəhbər vəzifə tutan üzv:
4.1.1. rəhbərlik etdiyi struktur bölmənin daxilində yaranan ixtilaf və konfliktlərin qarşısını vaxtında almalı, üzvlər arasında xoş işgüzar münasibətlərin təmin edilməsi üçün müvafiq tədbirlər görməli. 4.1.2. tabelikdə olanların bilik və bacarıqlarını nəzərə almaqla onların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli, onlara icrası mümkün olmayan tapşırıqlar verməməli.
4.1.3. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik problemlər barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı.
4.1.4. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli.
4.1.5. tabelikdə olanların bilik, bacarıq və şəxsi keyfiyyətlərini nəzərə alaraq onların vəzifədə irəli çəkilmələri üçün bərabər imkanlar yaratmalı.
4.1.6. tabelikdə olanları hüquqa vəhamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməli.
4.1.7. tabelikdə olanların Qaydalara əməl etmələrinin təmin edilməsi üçün zəruri tədbirlər görməli. 4.1.8. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli.
4.1.9. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkiliyə yol verməməli, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli.
4.1.10. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı, onlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməlidir.
5. İctimai və siyasi fəaliyyət
5.1. Üzvün dini və ya siyasi fəaliyyəti, yaxud dini və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirməsinə ictimai şübhə doğurmamalıdır.
5.2. Üzv qulluq mövqeyindən istifadə edərək digər işçiləri siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
5.3. Üzvə Assosiasiyanın daxilində siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların birliklərinin yaradılması və ya yaradılmasına yardım etmək qadağandır.
5.4. Üzv onun xidməti vəzifəsinə aid olmadığı hallarda Assosiasiyanın, onun rəhbərliyinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu hal üzvün elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
5.5. Üzv onun adına xələl gətirə biləcək, habelə Assosiasiyanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi
6.1. Üzv birbaşa və ya yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmr, sərəncam və tapşırıqları yerinə yetirməyə borcludur.
6.2. Üzv əmr, sərəncam və tapşırığın qanunvericiliyə zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, üzv onların qanunvericiliyə zidd olmasına inanmaqda davam edərsə, o, həmin tapşırığın yerinə yetirilməsindən imtina edə bilər, lakin bu halda da öz hərəkətini əsaslandırmalıdır.
7. Ətraf mühit
7.1. Assosiasiya ətraf mühitin qorunması və ekologiya üzrə norma və qaydaların yerinə yetirilməsinə dair tələblərə riayət edir, habelə Assosiasiyanın fəaliyyətinin cəmiyyətə, təbiətə və ətraf mühitə mənfi təsirinin azaldılması üzrə bütün mümkün cəhdləri və tədbirləri yerinə yetirir. 7.2. Assosiasiya ətraf mühitin qorunması üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və qabaqcıl dünya təcrübəsinə əsaslanır. Bu səbəbdən, Assosiasiya öz üzvlərinə aşağıdakı davranışları tövsiyə edir:
7.2.1. xidməti vəzifələrini ətraf mühiti düşünərək yerinə yetirmək.
7.2.2. materiallardan təkrar istifadə yolu ilə tullantıları azaltmaq.
7.2.3. resurslardan və materiallardan (su, işıq, ofis ləvazimatı və s.) səmərəli istifadəni təmin etmək. 7.2.4. ətraf mühitin korlanmasına mümkün qədər az təsir göstərən resurslardan istifadə etmək.
8. Qaydaların pozulması ilə bağlı müraciətlər
8.1. Üzvün Qaydaların tətbiq edilməsi ilə hər hansı sualı yarandıqda bu barədə birbaşa rəhbərinə və ya Qaydalar üzrə məsul şəxsə şifahi və ya yazılı şəkildə müraciət edə bilər.
8.2. Qaydaların pozulması ilə bağlı müraciətlər yazılı formada təqdim edilir. Qaydaların pozulması ilə bağlı müraciətlər dərhal qəbul edilməli və həmin gün qeydiyyata alınmalıdır.
8.3. Müvafiq struktur bölmənin rəhbəri və ya Qaydalar üzrə məsul şəxs əldə etdiyi Qaydalara əməl olunmaması ilə bağlı məlumatların konfidensiallığını qorumalıdır.
8.4. Üzv Qaydaların pozulması ilə bağlı ona məlum olan hərəkətlər (hərəkətsizliklər) haqqında birbaşa və ya yuxarı rəhbərinə, yaxud Qaydalar üzrə məsul şəxsə, yaxud Assosiasiya ofisinin rəhbərinə məlumat verməlidir.
8.5. Qaydaların əməl olunmaması ilə bağlı məlumat verən şəxslərə hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilir.
9. Qaydaların pozulmasına görə məsuliyyət
9.1. Üzv tərəfindən Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur.
9.2. Üzv Qaydaların tələblərini pozduqda Assosiasiyanın sədri ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
9.2.1. töhmət vermək.
9.2.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək.
9.2.3. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək.
9.2.4. əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
9.3. Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
9.3.1. müddəanın pozulmasının dərəcəsi.
9.3.2. müddəanın pozulmasının Assosiasiyanın işinin effektivliyinə və nüfuzuna təsiri.
9.3.3. üzvün əmək fəaliyyəti.
9.3.4. üzv barədə qüvvədə olan intizam tənbeh tədbiri.
9.3.5. araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal.