03.10.2024
16:09
Kibertəhlükəsizlik
Onlayn oyun TƏLƏSİ: Dələduzların qurbanı olmamaq üçün NƏ ETMƏLİ?

Onlayn oyunlar insanlar üçün əyləncə, sosial əlaqə vasitəsi, hətta gəlir mənbəyidir. Milyonlarla insanı öz ətrafına toplayan bu sektorda dələduzluq halları ciddi problem kimi özünü göstərir. Dələduzluq yalnız oyunçulara maddi-mənəvi ziyan vurmaqla, təcrübələrinə mənfi təsir etməklə kifayətlənmir, eyni zamanda oyun sənayesinə və platformalar üçün ciddi təhlükələr yaradır.

Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Bu barədə ötən ay yayılan məlumata görə, Baş İdarənin əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “Instagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılan səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər.

Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Vətəndaşlar belə cinayətkar şəbəkənin qurbanı olmamaq, dələduzluq hallarından qorunmaq üçün nə etməlidirlər? Onlayn oyun həvəskarlarının bu mənada üzərinə düşən məsuliyyət nədən ibarətdir?

Mövzu üzrə Medianews.az-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas deyib ki, bəzi şəxslər onlayn oyunlar adı altında “piramida” sistemi yaradır, ayrı-ayrı adamları da buraya cəlb edərək öz əhatələrini genişləndirirlər.

Onun sözlərinə görə, belə şəbəkələr daha çox insanı cəlb etmək üçün bank xidmətlərinin, investisiyaların vermədiyi depoziti və faizi təklif edir, şirnikləndirici vədlər verir, son nəticədə isə həmin insanlara qarşı dələduzluq edirlər: “Onlayn oyunlar” başlığı ilə özlərini qələmə versələr də, əslində “piramida” sistemi qurulub. İnsanların proqrama yatırdıqları məbləği digər insanlara verməklə zəncirvari formada dövriyyə yaradırlar. Müəyyən yerə qədər gəldikdən sonra isə sistem partladılır. Daha çox insanı cəlb etmək üçün bank xidmətlərinin, investisiyaların vermədiyi depoziti və faizi təklif edirlər. İnsanlar belə asan qazanc arxasınca qaçmamalıdırlar. Hər hansı bir onlayn oyun ətrafınızdakı insanları da oraya cəlb etməyi sizdən tələb edirsə, bundan şübhələnmək və oradan uzaqlaşmaq lazımdır”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov isə Medianews.az-a açıqlamasında söyləyib ki, rəsmi qeydiyyatı olmayan, ödəmə üsulları nağdsız həyata keçirilən bütün “investisiyalar” fırıldaqçılıq ilə nəticələnir və sonda vətəndaşlar buna görə məyus olurlar.

O, maliyyə “piramida”larının hal-hazırda rəqəmsallaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, sosial şəbəkələrdə bununla bağlı reklam çarxları hazırlamaqla, uğurlu təbliğat aparmaqla insanları inandırır, öz torlarına salırlar. İKT mütəxəssisi bildirib ki, belə hallarla, xüsusən də maddi və mənəvi ziyanla üzləşməmək üçün vətəndaşlar hər hansı onlayn oyuna investisiya yatırmazdan öncə həmin şirkətin, qurumun rəsmi olub-olmadığını araşdırmalıdırlar: “Rəsmi olmayan şirkətlər hər hansısa bir məhkəmə prosesində sadəcə inzibati qaydada cəza alacaqlar. Maliyyə prosesləri nağd və ya kartdan karta ötürmə üsulları ilə yox, rəsmi olaraq şirkətə köçürmə ilə investisiya edilməlidir. Təəssüf ki, Azərbaycanda da “piramida” sistemi həddindən artıq yayılıb və bir çox şirkətin marketinq üsuluna çevrilib. Vətəndaşlara diqqətli olmaları tövsiyə olunur. Dələduzların tələsinə düşməmək üçün araşdırmalar etməlidirlər. Çünki belə halların qarşısını almaq üçün heç bir texnoloji vasitə yoxdur. Bu virus və ya zərərli bir yazılım deyil. Ona görə də hər hansısa bir antivirus proqramları ilə və ya digər rəqəmsal yollar ilə qarşısını ala bilmirik”.

Maral ŞAHVERDİLİ

Xəbər lenti

İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib

İKT

18.11.2024

İctimai Şuranın seçkidən sonrakı ilk iclası keçirilib

Sosial

06.11.2024

COP29-la bağlı daha bir yenilik — AÇIQLAMA

Sosial

08.10.2024

İnternetin sürəti niyə zəifləyib? - Açıqlama

İnternet

06.10.2024

İnternet provayderlərini cərimə gözləyir - rəy

İnternet

03.10.2024

Onlayn oyun TƏLƏSİ: Dələduzların qurbanı olmamaq üçün NƏ ETMƏLİ?

Kibertəhlükəsizlik

03.10.2024

Mobil telefonlarda kiber müdaxilələrin qarşısını necə almalıyıq? -AÇIQLAMA

Kibertəhlükəsizlik

02.10.2024

Qiymət artdı, keyfiyyət dəyişmədi: İnternetin sürəti ilə bağlı problem nədən qaynaqlanır?

İnternet

02.10.2024

Daha çox